İkinci Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun iştirakçıları
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşlar
Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları iyunun 1-də Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşlar.
AzərTAc xəbər verir ki, qonaqlara Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə haqqında məlumat verilmişdir.
Bildirilmişdir ki, kompleks ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, respublikamızın turizm mərkəzinə çevrilməsinə xidmət edir. Burada yaradılmış Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabələr, evlər, ovdanlar, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır. Bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır.
Qonaqlara məlumat verilmişdir ki, burada Əntiq Əşyalar Muzeyi də fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan muzeydə uzun illər ərzində yığılan zəngin kolleksiya hazırda üç minədək maddi mədəniyyət nümunəsini əhatə edir. Kolleksiyanın əsasını təşkil edən Azərbaycan sənətkarlarının yaratdıqları əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş etdirilir.
Qonaqlara Qala abidə kompleksi haqqında da məlumat verilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Abşeron" arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində eramızdan əvvəl III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilmişdir. Kompleksə daxil olan X-XIV əsrlərə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədi ilə istifadə olunmuş X-XIV əsrlərə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.
Qonaqların diqqətinə çatdırılmışdır ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycanın ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanmış və bərpa olunmuşdur.
Qala
Arxeoloji-Etnoqrafik Muzey Kompleksi qonaqlarda böyük maraq
doğurmuşdur.
Azərbaycan.-2013.- 2 iyun.- S.5.